Bu şəxslərə bank kreditləri üzrə dövlət dəstəyi veriləcək – Qərar

Bu şəxslərə bank kreditləri üzrə dövlət dəstəyi veriləcək – Qərar


Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib.

Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə 

1. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilb.

2. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq olunub.

23. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilib.

4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir.

5. Müəyyən edilib ki, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir.

6. Bu Qərarın 5-ci hissəsində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişini Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilib.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

7.1. sahibkarlıq subyektləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərini icra edə bilmədiyi təqdirdə, həmin borc öhdəliklərini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirəcək;

7.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq cari ildə faiz subsidiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına verilməsini təmin etməlidir;

7.3. faiz subsidiyalarının verilməsi üçün tələb olunan vəsaitlərin növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görməli.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq faiz subsidiyalarının maliyyələşdirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 7-ci hissəsi ilə ayrılan vəsait və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.  /yenisabah.az/
Şou Biznes