Geokimya sahəsində tanınmış alim, Azərbaycanın Əməkdar geoloqu, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Kaşkay 79 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.
Məlumat üçün bildirək ki, Çingiz Mirəli oğlu Kaşkay 1941-ci il iyulun 31-də Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geoloji-coğrafiya fakültəsini bitirib. 1962-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (hazırki AMEA Geologiya və Geofizika İnstitutu) fəaliyyətə başlayıb. 1967-ci ildə “Alunitlərin əmələ gəlməsinin fiziki-kimyəvi şəraiti” mövzusunda namizədlik, 1975-ci ildə isə “Alunit qrupu və onun struktur analoqları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Alim eksperimental yolla alunitlərin və onların struktur analoqlarının əmələgəlmə şəraitlərini öyrənib, ilk dəfə müxtəlif növ alunit qrupu minerallarını sintez edib, onların termodinamiki parametrlərini təyin edib, fasiləsiz termik analiz üçün yeni üsul və cihazlar işləyib hazırlayıb. O, eksperimental və tətbiqi geokimya sahəsindəki tədqiqatlarında təbii proseslərin modelləşdirilməsinin riyazi üsullarından geniş istifadə edib.
Alim 1978-1991-ci illərdə Geologiya İnstitutunda Filiz yataqlarının geokimyası və mineralogiyası laboratoriyasının və Geokimya şöbəsinin rəhbəri vəzifələrində çalışıb, 1992-2003-cü illərdə Türkiyənin Gəbzə və İstanbul Texniki Universitetlərində fəaliyyət göstərib. 2012-ci ildən Metallogeniya şöbəsinin əsasında yaradılmış Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası şöbəsinə rəhbərlik edib.
Azərbaycanda ilk dəfə təməli qoyulmuş ekoloji təhlükəsiz geotexnologiya elm sahəsinin inkişafı və bu elmin tətbiq sahəsi olan filizlərdən nəcib metalları zərərsiz məhlullarla bilavasitə yer altında yuyulub çıxara biləcək üsulların işlənilməsi istiqamətində tədqiqatlar Çingiz Kaşkayın rəhbərliyi ilə yerinə yetirilib. Bu istiqamətin inkişafı Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə dəstəklənib.
Ç.Kaşkayın elmi rəhbərliyi ilə Azərbaycanda ilk dəfə qızıl və onu müşayiət edən elementlərin filizlərdən çıxarılması üçün ekoloji zərərsiz yeraltı aşındırma texnologiyası üzrə elmi-tədqiqat işləri aparılıb. Həmçinin kompüter və eksperimental modelləşdirmədən istifadə edilərək seçilən hər bir yatağın filizlərindən qızılı və onu müşayiət edən elementləri çıxara biləcək ən optimal texnoloji rejimlər aşkar edilib. Texnoloji prosesləri bilavasitə yataq üzərində aparmaq məqsədilə “Mobil pilot kompleksi” yaradılması da alimin rəhbərliyi ilə reallaşmış və yerin altında yuyucu məhlulların hərəkətini istiqamətləndirən və təmzimləyən yeni texnoloji üsul üzrə patent alınıb.
Alim əməkdaşları ilə birlikdə Prezident yanında Elmin İnkişafı Fondunun “Gәdәbәy filiz sahәsindә zәrәrsiz xlorit metodu ilә geotexnoloji işlәrin aparılmasının araşdırılması” mövzusunda qrant layihəsini yerinə yetirib, nəticədə Gədəbəy filiz sahəsində və Azərbaycanın başqa bu tip yataqlarında tətbiq oluna biləcək klassik sianid texnologiyasından geri qalmayan, hətta bəzi parametrlərə görə ondan üstün olan xlorit texnologiyası işlənilib.
O, filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının işlənilməsi istiqamətində apardığı son tədqiqatlar nəticəsində sənaye əhəmiyyətli elementlərin səmərəli yolla əldə edilməsinə imkan yaradan 2 innovativ təklif irəli sürülmüşür ki, bu innovasiyaların dağ-mədən və kimya texnologiyası sənayesində istifadəsi nəzərdə tutulur.
Geoloq alim 100-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiyanın, 6-sı ABŞ-da, Kanada, Fransa və İsveçrədə alınmış 23 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında 4 elmlər namizədi hazırlanıb.
Allah rəhmət eləsin!