23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətində video-müşavirə keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı gününün təsis edildiyi qeyd edilərək, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirildiyi bildirilmişdir. Vurğulanmışdır ki, mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarlardır.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.
Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Nəsimi rayonu ərazisində genişmiqyaslı qabaqlayıcı tədbirlər davam etdirilir.
Rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.
Nəsimi rayonunda koronavirusla mübarizə ilə bağlı kompleks tədbirlər davam etdirilir
Nəsimi rayonu ərazisində koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.
Elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə rayonda başlanılmış sosial aksiyalar davam etdirilir.
Aksiya çərçivəsində icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir, digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq tövsiyyə olunur.
Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı əhali arasında aparılan maarifləndirmə işləri daha da gücləndirilərək Bakı Media Mərkəzi tərəfindən hazırlanmış posterlərin yaşayış binalarının girişlərində, liftlərdə, digər görünən yerlərdə, ticarət obyektlərində, idarə müəssisə və təşkilatların dəhlizlərində yerləşdirilməsi və bukletlərin əhali arasında paylanılması işlərinə başlanılmışdır.
Maskaların ev şəraitində tikilişi və istifadə qaydalarını əks etdirən bukletlər isə ictimai yerlərdə, ticarət obyektlərində və əhalinin sıx toplaşdığı ərazilərdə əhaliyə paylanılır.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.