İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verib ki, istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarımstansiyada əsaslı yenidənqurma işləri aparılaraq, gərginlik sinfi artırılıb və 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyası inşa edilməklə, yarımstansiyanın qoyuluş gücü 17,5 MVA-dan 40 MVA-ya çatdırılıb. Bu yarımstansiya vasitəsilə Ağcabədi şəhərində sosial-iqtisadi təyinatlı obyektlərin, meliorasiya və suvarma sistemlərinin, ətraf kənd və qəsəbələrin, həmçinin Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin və hərbi hissələrin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 5262-si əhali, 831-i qeyri-əhali olmaqla, ümumilikdə 6093 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq. Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Yarımstansiyanın 330 kilovoltluq “İmişli” və “Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə dairəvi elektrik təchizat sxeminə qoşulması təmin edilib ki, bu da istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını və təhlükəsizliyi artırıb.
Dövlətimizin başçısı “Ağcabədi-2” elektrik yarımstansiyasını işə salıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb, çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Ağcabədi rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub.
Son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndləri və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.
İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.