Azərbaycanda bəzi xidmət sahələri üzrə qaydalar müəyyən edilib. Yeni qaydaya görə bərbər və repetitor xidməti göstərənlər, mobil telefon, qızıl, bəzək və geyim əşyaları satanlar sabahdan etibarən müəyyən qaydalara əməl etməlidirlər. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdır.
Xezerxeber.az xəbər verir ki, xüsusi karantin rejimində xidmət sahələrində koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib. Qaydalara görə, sabahdan etibarən bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.
Bununla yanaşı, bərbərlər işə başlamazdan əvvəl və sonra əllərini yumalıdırlar. Onlarla birgə çalışan şəxslər iş prosesində önlük geyinməlidirlər. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi isə məcburidir.
Bərbərlər infeksiyanın qarşısını almaq üçün müştərilərin saçını yuyan zaman hər bir müştəri üçün ayrı dəsmaldan istifadə etməlidirlər. Həmin şəxslər qayçı, ülgüc və təraş maşınlarından istifadə etməzdən əvvəl həmin alətləri mütləq dezinfeksiya etməlidirlər.
Sabahdan etibarən fərdi tədris və repetitor xidmətləri göstərən şəxslər də bəzi qaydalara əməl etmək məcburiyyətindədirlər. Bu şəxslər onlayn tədris prosesinə üstünlük verməlidirlər. Bundan başqa, abituriyentlərə tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Bununla yanaşı, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalı və fasilə zamanı otaq havalandırılmalıdır.
Sabahdan etibarən geyim əşyalarının satıldığı yerlərdə dəyişmə otaqlarından istifadə də qadağan olunub.
Bununla yanaşı, bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personal müvafiq təlim keçməlidir. Kitab, qəzet və dəftərxana mallarının satışında onlayn satışlara üstünlük verilməlidir.
Kosmetika və ətriyyat satışı zamanı nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır. Mobil cihazların və aksesuarlarının, eləcə də qızıl və bəzək əşyalarının satışı zamanı müştəri tərəfindən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya olunmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: